8 Fev, 2026
Azərbaycan dərmanlara davamlı vərəmə görə dünyada ən yüksək risk qrupuna daxil olan 30 ölkə sırasındadır
24 mart Ümumdünya Vərəmlə Mübarizə Günü kimi dünya üzrə milyonlarla insanın həyatına təsir edən vərəm xəstəliyi ilə mübarizənin aktuallığını bir daha vurğulayır. 2026-cı ilin vərəmlə bağlı şüarı Stop TB Partnership təşkilatı tərəfindən “Yes! We Can End TB” (“Bəli! Biz vərəmə son qoya bilərik”) elan olunub.
Vərəm əsasən ağciyərləri zədələyir və ciddi tənəffüs problemlərinə səbəb olur. Vərəm hava ilə ötürüldüyünə görə ondan qorunmaq elə də asan deyil. Yoluxmanın mənbəyi yoluxucu vərəm xəstəsidir. Qapalı məkanlarda xəstəlik daha tez yayılır. Vərəm dünya üzrə ağciyər xəstəlikləri arasında ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir.
Vərəm haqqında statistik məlumatlar
Dünyada hər il təxminən 10.6 milyon insan vərəmə yoluxur və 1.6 milyon nəfər bu xəstəlikdən həyatını itirir (ÜST, 2024). Azərbaycanda vərəmə yoluxma halları hər 100,000 nəfərə 40-45 nəfər təşkil edir. Vərəmdən ölənlərin təxminən 150,000 nəfəri eyni zamanda HİV-ə yoluxmuş şəxslər olmuşdur. Azərbaycan dərmanlara davamlı vərəmə görə dünyada ən yüksək risk qrupuna daxil olan 30 ölkə sırasında yer alır.
Əldə olunan son məlumatlara görə:
55% – kişilər
33% – qadınlar
12% – uşaqlar
“Yes! We Can End TB” şüarı yalnız çağırış deyil, həm də ümid və inamdır. Vərəm ilə mübarizədə tibbi tədbirlər və innovasiyalar qədər, sosial problemlərin həlli də vacibdir.

