Qız Qalası və Olimpiya Kompleksinin Qırmızı rəngdə işıqlandırılması

Bakı,

24

mart 2021

Qız Qalası və Olimpiya Kompleksinin Qırmızı rəngdə işıqlandırılması

24 mart 2021-ci il tarixində, saat 20:00-dan 21:00-adək Bakının bir neçə məşhur tikililəri, Bakı Olimpiya Kompleksi, o cümlədən 12-ci əsrin tarixi memarlıq abidəsi olan “Qız Qalası” qırmızı rənglə işıqlandırılacaq, Ümumdünya Səhiyyə Təşkilatının Dünya Vərəm günü ilə bağlı bu ilki şüarı “Vaxt gedir” (“The clock is ticking”, “End TB”) binalar üzərində nümayiş olunacaqdır.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.
1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.
 
Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmlə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Hər gün dünyada 700 uşaq vərəm səbəbiylə həyatını itirir, bu da o deməkdir ki, hər üç dəqiqədə bir uşaq vərəmdən dünyasını dəyişir. 2020-ci ilin əvvəllərində bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası səbəbiylə vərəmlə mübarizə dünyada bir qədər çətinləşmişdir.

“Vərəmə son qoyaq” (Stop TB) Tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyasını keçirir. Bu il Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai birliyi bu aksiyanın ölkəmizdə də keçirilməsinə təşəbbüs göstərmişdir.